1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Türkiyənin tanınmış mütəfəkkirlərindən biridir. Milli-mənəvi dəyərlərə çox bağlı olan və inandığı müqəddəs dəyərləri başqa insanlara çatdırmağı insani bir vəzifə kimi qəbul edən Adnan Oktar məfkurə mübarizəsinə 1979-cu ildə Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində təhsil aldığı dövrlərdə başlamışdır. Tələbəlik illəri boyunca ətrafında hökm sürən materialist fəlsəfə və ideologiyaların azğınlıqları haqqında, onları müdafiə edənlərdən daha çox məlumata və izaha malik olacaq qədər ətraflı tədqiqatlar aparmışdır. Bu məlumatlarının nəticəsində isə milli-mənəvi dəyərlərimizi təhdid edən, separatçı ideologiyaların əsaslarını təşkil edən darvinizmin və təkamül nəzəriyyəsinin dünyaya gətirdiyi zərərlər və bu nəzəriyyənin müasir elm qarşısındakı məğlubiyyəti ilə bağlı əsərlər hazırlamışdır. "New Scientist" jurnalının 2000-ci il, aprel ayının 22-dəki sayındakı ifadə ilə desək, təkamül nəzəriyyəsinin və yaradılış həqiqətinin insanlara çatdırılması məsələsində cənab Oktar "beynəlxalq bir qəhrəman"a çevrilib.
Müəllif bundan başqa, dünya tarixinə və siyasətinə mənfi təsirləri səbəbi ilə sionizm və masonluq haqqında da kitablar yazıb.
Bu əsərlərlə, həmçinin Quran əxlaqı və imanla bağlı mövzulardan bəhs edən əsərləri ilə yanaşı 100-dən artıq kitabın müəllifidir.
Cavid Yalçın təxəllüsündən də istifadə edən Adnan Oktar əsərlərinin əksəriyyətini Harun Yəhya təxəllüsü ilə çap etdirmişdir. Onun bu təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülüb.
Müəllif tərəfindən kitablarının üz qabığında Rəsulullahın (s.ə.v.) möhüründən istifadə edilməsinin simvolik mənası isə kitabların içindəkilərlə bağlıdır. Bu möhür Qurani-Kərimin Allahın son kitabı və axırıncı sözü, Peyğəmbərimizin (s.ə.v.) də peyğəmbərlərin sonuncusu olmasının rəmzidir.
Müəllif nəşr edilən bütün işlərində Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər qəbul edərək inkarçı düşüncə sistemlərinin bütün əsas iddialarını bir-bir çürütməyi və dinə qarşı etirazları tam şəkildə susduracaq "son söz"ü söyləməyi qarşısına məqsəd qoymuşdur. Çox böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu sonuncu sözü söyləmək niyyətinin bir duası kimi işlədilmişdir.
Müəllifin bütün əsərlərindəki müştərək məqsəd insanlara Quranın təbliğini çatdırmaq, beləliklə, onları Allahın varlığı, birliyi və axirət kimi əsas imani məsələlər üzərində düşünməyə sövq etmək və bəzi mühüm mövzuları xatırlatmaqdır.
Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, Böyük Britaniyadan İndoneziyaya, Polşadan Bosniya-Hersoqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və MDB ölkələrinə qədər dünyanın əksər ölkələrində maraqla qarşılanır və birnəfəsə oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, Bosniya, uyğur, İndoneziya, malay, benqal, bolqar, yapon, Çin, Azərbaycan kimi demək olar ki, hər dilə tərcümə edilən bu əsərlər geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır.
Dünyanın dörd bir tərəfində böyük rezonans doğuran bu diqqətəlayiq əsərlər insanların çoxunun iman gətirməsinə, əksər adamların da öz imanını kamilləşdirməsinə səbəb olur. Bu kitabları oxuyan və incələyən hər kəs onlardakı hikməti, habelə yığcam, dolğun, asan başa düşülən səmimi üslubu, həyati həqiqətlərin elmi-məntiqi izahını dərhal görür. Bu əsərlər hər bir kəsə tez bir zamanda təsir etmək, tam nəticə vermək, etirazlara yer qoymamaq və dəlillərin elmiliyi kimi xüsusiyyətlərə malikdir.
Əsərlərin hər birində heç kimin rədd edə bilməyəcəyi, səmimi, aydın və sübut edən bir izah şəkli var. Şübhəsiz ki, bu xüsusiyyətlər Allahın nəsib etdiyi bir hikmət və izahın təsiredici olmasına əsaslanır.Bu həqiqətlər nəzərə alınanda insanların görmədiklərini göstərən, onların hidayətə gəlməsinə səbəb olan bu əsərlərin oxunmasının təşviqi də əlbəttə ki, mühüm bir xidmət olacaq. Əfsuslar olsun ki, bu dəyərli əsərləri tanıtmağın əvəzinə insanlarda şübhə oyandıran, iğtişaşa səbəb olan və heç bir faydası olmayan əsərləri müdafiə edənlər də var. Bu insanlar müsəlmanların içində olduqları vəziyyəti, məruz qaldıqları əziyyətləri fikirləşmirlər.
Dünyada davam edən zülm və iğtişaşlardan xilas olmağın yeganə yolunun Quran əxlaqının yaşanması və çatdırılması olduğu da yaddan çıxarılmamalıdır. Müəllifin əsərləri bu xidmətdə qabaqcıl rollardan birini oynayır. Bu əsərlər də Allahın icazəsi ilə XXI əsrdə dünyadakı insanlara Quranda bildirilən sülh və əmin-amanlığa, dürüstlük və ədalətə, gözəllik və xoşbəxtliyə çatdırmağa bir vəsilə olacaq.